Tərəvəzçilik üzrə Texniki Sertifikat Proqramının yekun sessiyası keçirilib

Tərəvəzçilik üzrə Texniki Sertifikat Proqramının yekun sessiyası keçirilib
2023-04-11 07:00:30

6 aprel 2023-cü il tarixdə USAID Özəl Sektorun İnkişafı layihəsi Gəncədə Tərəvəzçilik üzrə Texniki Sertifikat Proqramının (TSP) yekun sessiyasını keçirib. Praktiki sessiya Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) laboratoriyalarında keçirilib. Sessiya zamanı tələbələr laboratoriyalarda bitki, torpaq və gübrə analizlərinin aparılması üsulları ilə tanış olublar. Onlar həmçinin tərəvəzlərdə olan xəstəliklərin tədqiqi üçün aparılan müxtəlif analizlər və müasir laboratoriya avadanlıqlarından istifadə qaydaları ilə tanış olub.

3 ay davam edən TSP-də Tovuz Dövlət Sosial-İqtisad Kolleci və ADAU-nun 40-a yaxın tələbəsi iştirak edib. Proqram tərəvəz istehsalının müxtəlif aspektlərini, o cümlədən becərmə texnikası, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə, məhsul yığımından sonrakı dövr üçün tədbirləri əhatə edib. TSP tələbələrə nəzəri və praktiki təlimlər keçməklə, kənd təsərrüfatı sahəsində artıma təkan verə biləcək ixtisaslı kadrların hazırlanmasını dəstəkləmək məqsədi daşıyır.